Wolt Drive API-dan istifadə etməyə başlayın

Onlayn mağazanızı birbaşa Wolt-un kuryer şəbəkəsinə qoşun və çatdırılma prosesini başdan sona avtomatlaşdırın.

Xülasə

Wolt Drive ilə veb-sayt və ya tətbiqinizdən verilən sifarişləri Wolt-un tərəfdaş kuryerləri vasitəsilə müştərilərin ünvanına sürətlə çatdıra bilərsiniz. Müştərilər çatdırılmanı izləyə bilərlər. Wolt Drive API veb-sayt və ya tətbiqinizin sifariş rəsmiləşdirmə sistemini birbaşa Wolt-a bağlayır. Çatdırılma sorğuları avtomatik göndərilir, kuryerlər təyin olunur və çatdırılma izlənir. Sifariş məlumatlarını əl ilə yenidən daxil etməyə ehtiyac qalmır.

Bu toplu API-nin iş prinsipini izah edir və texniki komandanızla birlikdə layihənin əhatə dairəsini müəyyənləşdirməyə kömək edir. Ətraflı texniki məlumatla Wolt Drive tərtibatçısı üçün sənədlərdə tanış ola bilərsiniz.

Wolt Drive API nədir?

Wolt Drive API onlayn mağazanızı Wolt Drive çatdırılma şəbəkəsinə iki mərhələli avtomatlaşdırılmış proses vasitəsilə inteqrasiya edir: əvvəlcə sisteminiz çatdırılmanın mümkün olub-olmadığını və qiymətini yoxlayır, sonra isə çatdırılma sifarişi yaradır. Müştəriləriniz sifarişlərini əvvəlki kimi saytınızdan və ya tətbiqinizdən verir. İnventar və ödəniş sistemləriniz olduğu kimi qalır, sifarişləri isə müştərilərin ünvanına Wolt çatdırır.

İnteqrasiyanı özünüz qurduğunuz üçün sifariş prosesini, brendinizin görünüşünü və sifariş rəsmiləşdirilərkən çatdırılmanın müştəriyə necə təqdim olunduğunu siz müəyyən edirsiniz. Wolt Drive xidmətini öz adınızla göstərə bilərsiniz. Wolt loqosunu göstərib-göstərməyəcəyinizə özünüz qərar verirsiniz. Bütün proseslər sisteminiz tərəfindən idarə olunur. Qısası, Wolt Drive məhsullarınızı onlayn ticarət platformasında yerləşdirmir, öz satış kanallarınız üçün çatdırılma infrastrukturu təmin edir.

API inteqrasiyasından kim istifadə etməlidir?

Sifarişin rəsmiləşdirilməsi prosesini ehtiyaclarınıza tam uyğunlaşdırmaq istəyirsinizsə və bu prosesi qurub idarə edə biləcək texniki resurslarınız varsa, API sizin üçün düzgün seçimdir. API çatdırılmanı öz sifariş prosesinin ayrılmaz hissəsi kimi təqdim etmək istəyən və inteqrasiyanın qurulmasına birdəfəlik investisiyanın sərf edilməsini əsaslandıracaq qədər sifariş həcminə malik bizneslər üçün əlverişlidir.

İnteqrasiya üçün texniki resurslarınız yoxdursa və ya çatdırılmaya dərhal başlamaq istəyirsinizsə, iki başqa alternativiniz var:

  • Vasitəçi inteqrasiya tərəfdaşı və ya e-ticarət plagini ilə Wolt Drive-ı geniş istifadə olunan onlayn mağaza platformalarına az kodla və ya heç kod yazmadan qoşa bilərsiniz. İnteqrasiya tərəfdaşlarının siyahısına baxın.

  • Wolt Drive veb-tətbiqi inteqrasiyaya ehtiyac olmadan birbaşa brauzeriniz vasitəsilə kuryer sifariş etməyə imkan verir. Bu seçimdən telefonla və ya sosial media vasitəsilə qəbul edilən sifarişlər üçün, eləcə də API inteqrasiyanız hazır olana qədər istifadə edə bilərsiniz.

Drive API ilə sifariş prosesi

Sifariş prosesi iki mərhələdən ibarətdir. Əvvəlcə çatdırılmanın mümkün olub-olmadığını yoxlayır, sonra çatdırılma sifarişini yaradırsınız. Sifariş yola çıxdıqdan sonra isə çatdırılmanı izləyə bilərsiniz.

  1. Çatdırılmanın mümkün olub-olmadığnı yoxlayın: Sifarişin rəsmiləşdirilməsi zamanı Wolt Drive-ı müştəriyə seçim kimi təqdim etməzdən əvvəl sisteminiz Wolt-a müraciət edərək sifarişi götürülmə məntəqəsindən müştərinin ünvanına çatdırmağın mümkün olub-olmadığını yoxlayır.  Çatdırılma mümkündürsə, Wolt cavabında təxmini çatdırılma vaxtını və bu xidmət üçün sizdən tutacağı məbləği göstərir. Qiymət məsafəyə əsasən hesablanır. Çatdırılma sifarişini yaradarkən əlavə məlumat daxil etməsəniz, göstərilən qiymət dəyişməz qalır. Müştərinizdən nə qədər ödəniş alacağınızı özünüz müəyyən edirsiniz. Ünvan çatdırılma zonasından kənardadırsa və ya məkan bağlıdırsa, cavabda bu barədə məlumat veriləcək və belə olduqda müştəriyə həmin sifariş çərçivəsində Wolt Drive xidməti təklif etməməlisiniz.

  2. Çatdırılma sifarişi yaradın: Müştəri sifariş verdikdən sonra sisteminiz alıcının məlumatlarını, çatdırılma təlimatlarını və bağlama haqqında bütün məlumatları API son nöqtəsinə göndərir. Çatdırılma zamanı qapıda ödəniş kimi əlavə xidmətlər tələb olunursa, onlar da çatdırılma sifarişi yaradılarkən sorğuya əlavə olunur.

  3. Sifarişin izlənilməsi: Çatdırılma sifarişi yaradıldıqdan sonra Wolt status yeniləmələrini veb-huklar vasitəsilə sisteminizə göndərir. Beləliklə, elə öz sisteminizdə kuryerin sifarişi nə vaxt götürəcəyini və çatdırılmanın tamamlanıb-tamamlanmadığını izləyə bilərsiniz. Wolt həmçinin hər sifariş üçün izləmə linki yaradır. İzləmə linkini müştərinizə özünüz mesajla göndərə və ya bu işi Wolt-a həvalə edə bilərsiniz.

💡 Faydalı məlumat: kuryer tərəfdaşı sifariş yaradıldıqdan sonra təyin olunur. İlk dəqiq çatdırılma vaxtı Wolt-un optimallaşdırma prosesi başa çatdıqda, adətən sifariş yaradıldıqdan sonra 30–60 saniyə ərzində hesablanır. Mətbəx kimi vaxtın önəmli olduğu iş mühitlərində sifarişin təxmini götürülmə vaxtını yekun hesab etməzdən əvvəl ilk order.pickup_eta_updated vebhuk bildirişini gözləmək tövsiyə olunur. Məsələn, bu vaxtı mətbəx ekranında yalnız həmin bildiriş gəldikdən sonra göstərin.

Məkanla və məkansız konfiqurasiyalar

API təhvilalma məntəqələrinizi idarə etmək üçün iki üsul təklif edir.

Məkanla inteqrasiya ən çox istifadə olunan və tövsiyə edilən yanaşmadır. Məkanlarınız Wolt-un əməliyyat sistemlərində əvvəlcədən konfiqurasiya edilir. Bu, kuryerlərin və dəstək komandasının vahid qaydada işləməsinə və daha keyfiyyətli hesabatların hazırlanmasına imkan verir. Bu yanaşma hər məkan üçün ayrıca çatdırılma qaydası təyin etməyə də imkan verir. Məsələn, “Bu ərazidən avtomobillə çatdırılma edilmir”. Bu yanaşma satış məntəqələrində sifariş sayı orta və ya yüksək olan sahibkarlar üçün tövsiyə olunur. Bu yanaşmada shipment-promises (çatdırılma təklifləri),deliveries  (çatdırılmalar) və  available-venues (mövcud məkanlar) API son nöqtələrindən istifadə olunur.

Məkansız inteqrasiyada hər çatdırılma sorğusu ilə sifarişin götürüləcəyi yer barədə bütün məlumatları göndərirsiniz. Wolt hər dəfə birdəfəlik götürmə məntəqəsi yaradır. Bu yanaşma çox sayda məkanı olan və hər məkanda gündəlik sifariş həcmi aşağı olan sahibkarlar üçün əlverişlidir. Misal olaraq pərakəndə satış şəbəkələrini göstərmək olar. Bu yanaşmada delivery-fee (çatdırılma haqqı) və delivery-order (çatdırılma sifarişi) API son nöqtələrindən istifadə olunur. Bu yanaşmanı seçməzdən əvvəl Wolt nümayəndənizlə məsləhətləşin.

💡 Faydalı məlumat: Biznesinizin ehtiyaclarından asılı olaraq hər iki yanaşmanı birləşdirə bilərsiniz.

Başlamazdan əvvəl sizə nə lazımdır

İnteqrasiyaya başlamazdan əvvəl aşağıdakıların hazır olduğuna əmin olun:

  • Wolt ilə müqavilə və inteqrasiya üçün giriş məlumatları. Onları əldə etmək üçün yerli Wolt Drive komandası ilə əlaqə saxlayın.

  • Kuryer gələndə məhsulların hazır olması üçün hər satış məntəqəsində mal ehtiyatları haqqında dəqiq və aktual məlumatın olması.

  • Məsafəyə, məhsulların olub-olmadığına və ya məkanın iş yükünə əsasən hər sifarişin hansı məkandan yerinə yetiriləcəyini müəyyən etmək imkanı.

  • Təcili sifarişlərin yalnız iş saatları ərzində qəbul edilməsini təmin edən və məkanınız bağlı olduqda əvvəlcədən planlaşdırılmış çatdırılma seçimi təklif edən sistem.

  • Müştərilərin çatdırılma ilə bağlı əlavə təlimatlar (qapı kodları, mərtəbə nömrələri və s.) qeyd edə biləcəyi sahə, çünki daha ətraflı məlumat çatdırılma keyfiyyətini artırır.

  • Xətaların düzgün idarə olunması: müştərilərin təkrar-təkrar cəhd etməməsi üçün onlara çatdırılma ərazisindən kənarda olduqları barədə aydın məlumat verilməlidir. Ünvan düzgün görünsə də, kuryer həmin ünvana hər zaman çata bilmir. Buna görə də bu ehtiyat tədbiri vacibdir.

İnteqrasiya üçün müraciət və quraşdırma

  1. Wolt Drive komandası ilə danışın. Müqaviləni rəsmiləşdirmək, inteqrasiya üçün giriş məlumatlarını və test üçün məkan məlumatlarını əldə etmək üçün wolt.com/drive vasitəsilə yerli komanda ilə əlaqə saxlayın.

  2. Quraşdırma prosesinizi planlaşdırın. Müştərinin, əməkdaşlarınızın və kuryerin hər birinin hansı addımları atmalı olduğunu diqqətlə nəzərdən keçirin. Planlaşdırma prosesində dəstək almaq üçün Wolt-un texniki nümayəndəsi ilə əlaqə saxlayın.

  3. İnteqrasiyanı sınaq mühitində hazırlayın. İnteqrasiyanı istifadəyə verməzdən əvvəl təhlükəsiz şəraitdə qurub sınaqdan keçirə bilməyiniz üçün Wolt sizə test məkanının identifikatoru və giriş tokeni ilə birlikdə tərtibat mühiti təqdim edir.

  4. İkimərhələli sifariş prosesini qurun və veb-hukları tətbiq edin. Çatdırılmanın mümkünlüyünü yoxlamaq, çatdırılma sifarişi yaratmaq və statusu izləmək üçün API son nöqtələri istinad sənədindən və veb-huk təlimatından istifadə edin.

  5. Sınaqdan keçirin və işə salın. Xətaların idarə edilməsi mexanizmlərini və təxmini çatma vaxtının (ETA) hesablanma qaydasını sınaqdan keçirin, sonra real mühit üçün giriş məlumatlarına keçin. Wolt-un texniki nümayəndəsi bütün proses boyunca sizə dəstək olacaq.

Konfiqurasiya edə biləcəyiniz funksiyalar

API biznesinizin ehtiyaclarına və fəaliyyət göstərdiyiniz bazara uyğun olaraq aktivləşdirə biləcəyiniz bir sıra əlavə funksiyaları dəstəkləyir (funksiyaların mövcudluğu regiona görə dəyişir, Wolt-un məsul əməkdaşına müraciət edin):

  • Sürətli və ya planlaşdırılan çatdırılma: Təcili çatdırılmalarda hədəf sifarişi bir saatdan az müddətdə çatdırmaqdır. Planlaşdırılmış çatdırılmalar 60 dəqiqədən 7 günədək əvvəlcədən sifariş edilə bilər.

  • Çatdırılma haqqının tənzimlənməsi: Wolt tətbiq olunan vergilər və rüsumlar daxil olmaqla, sizə təqdim edəcəyi qaimənin yekun məbləğini göstərir. Sonra bu xərcin müştəridən tutulub-tutulmayacağına və tutulacaqsa, nə qədərinin tutulacağına özünüz qərar verirsiniz.

  • Şəxsiyyət sənədinin yoxlanılması: Məsələn, spirtli içki kimi yaş məhdudiyyəti tətbiq edilən məhsulları çatdırarkən kuryerdən müştərinin yaşını və ya şəxsiyyətini təsdiqləməyi xahiş edin.

  • Çatdırılmanın PIN-kod vasitəsilə təsdiqlənməsi: Yüksək dəyərli və ya məhdudiyyət tətbiq olunan məhsulların düzgün şəxsə çatdırıldığını təsdiqləyin.

  • Çatdırılma zamanı nağd ödəniş və çaypulu: Bu funksiyanın dəstəkləndiyi bazarlarda kuryerlər sizin adınızdan nağd ödənişləri və ya əvvəlcədən ödənilmiş çaypulunu qəbul edə bilərlər.

  • SMS bildirişləri: Sifariş qəbul edildikdə və/və ya kuryer tərəfindən götürüldükdə müştərilərə avtomatik olaraq izləmə linki göndərin.

Wolt Drive API haqqında tez-tez verilən suallar

1. Wolt Drive API mənə uyğundurmu?

Ödəniş prosesini ehtiyaclarınıza tam uyğunlaşdırmaq istəyirsinizsə və bunun üçün lazımi texniki imkanlarınız varsa, bu variantı seçə bilərsiniz. İnteqrasiyasız işə başlamaq istəyirsinizsə, e-ticarət plaginindən və ya Wolt Drive Veb-tətbiqindən istifadə edə bilərsiniz.

2. Müştərilərimin Wolt tətbiqi olmalıdırmı?

Xeyr. Müştərilər əvvəlki qaydada sizin veb-saytınız və ya tətbiqiniz vasitəsilə sifariş verir və ödənişi tamamlayırlar, Wolt isə arxa planda kuryer göndərir.

3. Əməkdaşlarım sifarişləri hazırlamaq və ya təhvil vermək üçün Wolt-un sahibkar tətbiqlərindən istifadə edə bilərlərmi?

Xeyr. Komandanız mağazada indiyədək istifadə etdiyi iş prosesini davam etdirir, müştərilər isə sifarişlərini sizin saytınız və ya tətbiqiniz vasitəsilə verməyə davam edirlər. Wolt Drive yalnız çatdırılma prosesini həyata keçirir.

4. Müştərilər Wolt brendini görəcəklərmi?

Seçiminizdən asılıdır. Seçiminizdən asılı olaraq Wolt Drive xidmətini tamamilə öz adınızla təqdim oluna bilər.

5. Nə qədər tərtibat işi tələb olunur?

İnterqrasiya üçün bir qədər quraşdırma və sürətli çatdırılma sifarişlərini dəstəkləmək üçün bir neçə sətir kod yazmaq tələb olunur. Wolt komandanıza kömək etmək üçün əhatəli sənədlər, test mühiti və yerli texniki dəstək təmin edir.

6. Sifariş yaradıldıqdan sonra ona dəyişiklik edə bilərəmmi?

Sifariş yaradıldıqdan sonra onun əksər məlumatlarını API vasitəsilə redaktə etmək mümkün olmur. Problem varsa, sifarişi ləğv edib yenidən yaratmaq və ya yerli Wolt dəstək xidməti vasitəsilə həll etmək olar. Adətən, kuryer sifarişi götürməyə başlayana qədər sifarişi ləğv etmək mümkün olur. Bundan sonra mövcud seçimlərlə bağlı Wolt nümayəndəniz sizə məsləhət verə bilər. Bu zaman əlavə ödənişlər tətbiq oluna bilər.

7. Çatdırılmanın təxmini vaxtı nə dərəcədə dəqiqdir?

İlkin vaxt proqnozu təxmini xarakter daşıyır. Yuxarıda qeyd olunduğu kimi, sifariş yaradıldıqdan sonra 30–60 saniyə ərzində dəqiq və optimallaşdırılmış çatdırılma vaxtı təqdim olunur.

Kömək lazımdır?

İnİnteqrasiyanı hazırlayarkən və ya istifadəyə verdikdən sonra suallarınız yaranarsa, Wolt-un texniki nümayəndəsi sizə kömək etməyə hazırdır. Sahibkarlara dəstək komandası ilə istənilən vaxt corporate.wolt.com vasitəsilə də əlaqə saxlaya bilərsiniz.

Əlavə dəstək və təlimatlara ehtiyacınız var?